Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş səkkiz binanın sökülməsi planlaşdırılır.
Xəzri.info “Azad Azərbaycan” telekanalına istinadən xəbər verir ki, layihə çərçivəsində bir sıra küçə və prospektlərdə köhnə yaşayış binalarının yenilənməsi, ərazilərin abadlaşdırılması və yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.
Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun həyata keçiriləcək yenidənqurma işləri Elşən Süleymanov, Kamil Balakişiyev, Məmmədəli Şərifli və Rizvan Teymurov küçələrini, həmçinin Babək və Cəmşid Naxçıvanski prospektlərini əhatə edəcək.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, sakinlərə ödəniləcək kompensasiyanın məbləği ərazinin yerləşməsindən və infrastruktur imkanlarından asılı olacaq. Yaşayış sahələri üçün hər kvadratmetrə görə 2 000 – 2 800 manat, qeyri-yaşayış sahələri üçün isə 4 000 manatadək kompensasiya nəzərdə tutulur.
Vüqar Oruc bildirib ki, sökülməsi planlaşdırılan binaların əksəriyyəti yataqxanalardır. Binaların bir hissəsinin dövlət vəsaiti hesabına sökülməsi, sakinlərin köçürülməsi və boşaldılmış ərazilərdə parkların salınması planlaşdırılır.

