Bakının Xətai rayonunda yerləşən “Ab-Hava” restoranında baş vermiş qətl hadisəsi ilə bağlı bəzi media qurumlarında yayılan məlumatların həqiqəti əks etdirmədiyi üzə çıxır.
Belə ki, hadisə ilə bağlı yayılan ilkin xəbərlərdə Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə qətli törədən şəxs kimi təqdim edilib.
Əldə etdiyimiz məlumatlara əsasən, Əhməd Əlizadə qətl hadisəsini törətməyib və öldürülən Ceyhun adlı şəxsin yaxın dostu olub. Əldə etdiyimiz məlumatlar onun qətldə iştirak etməsi barədə yayılan iddiaları təsdiqləmir.
Bundan başqa, bəzi media qurumlarında Əhməd Əlizadənin kriminal aləmlə əlaqələndirilməsi də araşdırmamız zamanı əldə olunan məlumatlarla öz təsdiqini tapmayıb.
Hər hansı şəxsin cinayət törətməkdə ittiham olunması üçün ehtimallar və əsassız iddialar deyil, mötəbər sübutlar əsas götürülməlidir.
Təəssüf ki, bəzi media qurumlarının hadisənin bütün təfərrüatları dəqiqləşdirilmədən yaydığı məlumatlar ictimaiyyətdə yanlış təsəvvür formalaşdırıb.
Unudulmamalıdır ki, şəxsin kimliyindən və ailə mənsubiyyətindən asılı olmayaraq, təqsirsizlik prezumpsiyası hər kəsə şamil edilir.
Xəzri.info olaraq hesab edirik ki, hadisənin obyektiv araşdırılması, cinayəti törədən şəxslərin müəyyənləşdirilməsi və günahsız insanların əsassız ittihamlardan qorunması həm hüquq-mühafizə orqanlarının, həm də medianın diqqət mərkəzində olmalıdır.


